21 Avqust 2010-cı il N 152(3041)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8810)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5615)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5515)
Əzrayılın bala paylamaqlığı (5491)
Kölgənin kölgəsi (5463)
Seçki kəşfləri (5409)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
İmpressionist etüd

Bakının mərkəzi küçələrindən birindən keçirəm. Avqust axşamı, "hava qurşun kimi ağır". İyirminci yüzilliyin əvvəllərində Avropa memarlığı üslubunda tikilmiş tarixi bir binanın birinci mərtəbəsindən, darısqal dükandan bir qutu siqaret alıb yoluma davam etmək istəyirəm.

   Rəssam Nazim Şahın emalatxanasına gedirəm. Nazim rəssam və şairdi. İndi roman yazır - bu gün Nazim yazdığı romandan yeni parçalar oxuyacaq. Özünün dediyinə görə, mənim roman haqqında fikrim onun üçün çox önəmlidir.

   Borokko üslubunda tikilmiş binanın balkonları məni yoldan eləyir. Dayanıb heyranlıqla balkonlara baxıram - bu balkonlar əsl sənət əsəridi. Balkonlar, balkonlar - Bakı balkonları...

   Xəyalımda fransız rəssamı Manenin "Balkon" tablosu canlanır. Mane bu tablonu yüz qırx iki il əvvəl, 1868-ci ildə Parisdə işləyib. Mane soyadlı üç rəssam olub - Konstantin, Klod və Eduard Mane. "Balkon" tablosunun müəllifi Eduard Manedir. Tablo üçün rəssama Berta adlı qarasaçlı gənc bir qadın poza verib.

   Təsadüfən diqqətimi çəkən bir balkon Eduard Manenin "Balkon" tablosunu, tabloda təsvir olunmuş madmuazel Bertanı yada saldı. Madmuazel Berta kim idi? Bu xanım haqqında bir qədər sonra, hələlik isə Eduard Manenin həyat və yaradıcılığını izləyək. Öncə Manenin bir neçə məşhur əsərini xatırlamaq yerinə düşərdi. Moskvada Puşenin muzeyində E.Manenin A.Purustun portretini öz gözlərimlə görmüşəm. "Valensiyalı Lola Luvrda", "Foli-Burjarda bar" tablosu isə Londonda "yaşayır".

   Eduard Mane 1833-cü ildə Parisdə doğulub. On yeddi yaşında Rollen kollecini bitirdikdən sonra okeanın o tayına Rio-Jeneyraya üzən bir gəmidə yunqa oldu. Onun dəniz macərası uzun sürmədi, o, gəmini tərk edib İtaliyaya və Hollandiyaya getdi, Parisə qayıdandan sonra Tom Kutyurun emalatxanasında rəssamlıq sənətinin əlifbasını öyrənməyə başladı, bu minvalla o, altı ilə yaxın metr Kutyurdan dərs aldı. Bir müddət gənc rəssam Kutyurun təsiri ilə etüdlər çəkir. "Absent həvəskarı" tablosunu işləyəndə rəssamın iyirmi yeddi yaşı vardı. "Absent həvəskarı" tablosunda hələ də Tom Kutyurun təsiri gözə çarpsa da, Eduard Mane öz üslubunu, fərdi manerasını tapmışdı. Artıq biz özünəməxsus üslubu olan əlvan rəng qammalarına üstünlük verən koloritçi rəssamla üz-üzəyik.

   Eduard Manenin yaradıcılığına bələd olan adam özünü tabloların içində hiss edir - bu da çox təbiidir. Biz onun tablolarından süzülən işıq selinə düşürük. İsti işıq seli Manenin obrazlarını yumşaq, həlim rəng qammalarıyla süsləyir. Onun tablolarında bütün predmetlərə rəng işığından pay düşür, onu da deyim ki, rəssam süni effektlərə uymur, psevdonovatorluq iddiasına düşmür.

   Eduard Mane kübar rəssamdı, bəlkə də bu üzdəndir ki, salon təmtərağı, eleqant salon zərifliyi ona yad deyil. O, öz zəmanəsinin bəzi rəssamları kimi mistik xəyallara qapılmır, rəssam həyatı, təbiəti, gerçəkliyi sevir. Onun tablolarındakı obrazlar xəyal ürünü deyil, real personajlardı, canlı insanlardı. Onun bədii traktovkası sadə və dəqiqdi. Rəssamın müasiri yazıçı Emil Zolya "Eduard Mane" adlı essesində yazır: "O, bizim əsrin övladıdır. Mən onda rəngkar-analitik görürəm". Bəli, böyük yazıçı haqlıdır, Mane analitikdir, onun yaradıcılığını belə dəqiq dəyərləndirmək bir vaxtlar Pol Sezannın yaxın dostu, rəssamlar arasında böyük nüfuz sahibi Emil Zolyaya müyəssər olub.

   Manenin "Balkon" tablosundakı qadın - Berta Morizodur. Berta Morizo özü də rəssam idi, onlar bir il öncə sərgidə tanış olmuşdular. Salonda Morizonun bir mənzərəsi yer almışdı. Bir müddətdən sonra onlar qohum oldular - Berta və rəssamın qardaşı Ejen ailə qurdular.

   1974-cü il. Parisdə impressionist rəssamların ilk sərgisi. Berta Morizo impressionistlərin ilk sərgisində üç əsərlə - "Beşik", "Kitab oxuyan qadın" və indi adını xatırlamadığım bir tablo ilə göründü. Onu da nəzərinizə çatdırım ki, Berta Morizo impressionistlər arasında ilk və yeganə qadın idi. Vaxtilə Kamill Koro məktəbi keçmiş rəssam açıq havada işləyir, müasir mövzulara müraciət edirdi. Bu keyfiyyətləri onu Kamill Pisarro, Ögüst Renuar, Klod Mone kimi rəssamlarla yaxınlaşdırırdı, amma onun pərəstiş etdiyi rəssam Eduard Mane idi. Morizo ömrü boyu impressionizmə sadiq qaldı, yalnız bir sərgidən savayı, bu qrupun bütün sərgilərində onun imzasını izləmək mümkündür.

   Yaradacılığının ilk dövrlərində Berta Morizo digər impressionist rəssamlar kimi anlaşılmazlıqla, biganəliklə, mən deyərdim ki, hətta qəzəblə qarşılandı. Keçmiş müəllimi Jozef Kişar Bertanın anasının xahişi ilə impressionist rəssamların sərgisindən aldığı təəssüratı belə qələmə alır: "Hörmətli madam Morizo, sizin qızınızın işlərini görəndə bu qeyri-sağlam mühitdə məni bədbinlik hissi bürüdü... İnsafla desək, əla işlər də var, amma onlar hamısı bu və ya başqa dərəcədə qeyri-normaldırlar. Madmuazel Berta da bu sərsəmliyin qurbanı olub, onun ağlı yerindən oynayıb..." İmpressionizmin mahiyyətini anlayan, Morizo sənətini yüksək qiymətləndirən şəxsiyyətlər də vardı. Onlardan biri tanınmış sənət tənqidçisi Kastanyaridir. "Barmaqlarının ucuna qədər ilhamlı rəssam" - Kastanyari Morizo yaradıcılığını yüksək qiymətləndirirdi.

   Berta Morizo 1841-ci ildə Burjedə doğulub. Onun anası prefekt idi, zəngin kübar ailələrinin uşaqları kimi o da bacısı Edma ilə birlikdə rəsm dərsləri alırdı. İstedadlı qızın rəsmlərini Kamill Koroya göstərirlər, metr Koro ona xeyir-dua verir.

   Qaraqabaq, qapalı metr Koro bazar ertəsi günləri Morizonun valideynləri ilə nahar edərdi. Ögüst Renuar, Anri de Rene, Stefan Mallarme, Edqar Deqa, Kamill Pisarro, Pol Valeri kimi Parisin bohem şəxsiyyətləri barmaqlarının ucuna qədər ilhamlı lirik-romantik rəssamı, 1874-cü ildə imperssionist sənətçilərin ilk sərgisinin yeganə qadın nümayəndəsini - Eduard Monenin "Balkon" tablosundan bizə baxaraq həyata gülümsəyən Berta Morizonu rəssam və insan kimi sevərdilər.

   Mane soyadlı üç rəssam olub demişdim. Bunlardan birinin - Konstantinin soyadı əslində Mane deyil, Menedir. Konstantin Mene belçikalıdır. Rəssam və heykəltəraşdır. Mene haqqında danışırıqsa, öncə bir detalı vurğulayaq.

   Van Qoqun "Kartof yeyənlər" tablosu ilə Konstantin Menenin "Kartof yığanlar" kompozisiyası arasında nə üslub, nə də kolorit oxşarlığı mövcuddur. Van Qoq öz qəhrəmanlarını ağır, üzücü əməkdən sonra qısa nahar fasiləsində fırçaya alıb. Menenin qəhrəmanları tarlada, iş başındadırlar. Biz bu insanları Verxarnın, Zolyanın romanlarında, Kürbenin tablolarında görmüşük. Vurğulamaq istədiyim nəsnə yəqin ki, bir təsadüfdür - hər iki tablo eyni ildə, 1885-ci ildə işlənib. Amma rəssamlar bir-birlərini tanımırdılar, onların ömür yolları heç kəsişməmişdi, tale onları rastlaşdırmamışdı. Konstantinin böyük qardaşı qravyor idi. Onun ilk sənət müəllimi qardaşı və anasının pansionunda yaşayan rəssamlar olub. Konstantin Mene Brüssel İncəsənət Akademiyasının heykəltəraşlıq və rəngkarlıq fakültələrində təhsil alıb. Bir müddət heykəltəraşlıq sənətindən ayrı düşən Mene mənzərələr, portretlər, sənaye mövzusunda tematik tablolar işləyir. Yenidən heykəltəraşlığa dönür, bəzi heykəltəraşlıq nümunələri Parisdə sərgilənir. Bu əsərlər məşhur heykəltəraş Rodenin nəzərindən yayınmır. Sonralar Roden Mene ilə əlaqəsini kəsmir, həmişə onu dəstəkləyir. Mene hələ 1862-ci ildə ailə qurmuşdu, onun xanımı musiqi müəllimiydi. Bu nikahdan altı uşaq dünyaya gəlsə də, onların dördü erkən yaşlarında torpağa qovuşub. Oğlu Karl istedadlı qravyor kimi tanınır. Qırx səkkiz yaşlı rəssam heykəltəraş Ümumdünya Paris sərgisində "Şöhrət nişanı" medalı alır, amma bu ödül onun maddi durumunu dəyişdirmədi. Ehtiyac içində yaşayan sənətkar əyalətə getmək zorunda qalır, Luven gözəl sənətlər akademiyasında dərs deyir. Məhz Luvendə Konstantin Mene özünün ən önəmli heykəltəraşlıq əsərlərini yaradıb.

   Menenin son əsəri - Emil Zolyanın abidəsi 1904-cü ildə ölümündən bir neçə ay öncə sənətkar sevimli yazıçının abidəsinin maketini tamamlamağa macal tapmışdı.

   Konstantin Menenin yaşadığı ev muzeydi. Bu muzey 1939-cu ildən fəaliyyət göstərir. Muzeydə sənətkarın 170 heykəltəraşlıq və 70-dən artıq rəngkarlıq əsəri sərgilənir...

   ***

   Hələ vaxt var ikən gəlin Klod Moneni də xatırlayaq. Mone Eduard Manenin əsərləri ilə 1863-64-cü illərdə tanış olub. Manenin "Çəmənlikdə səhər yeməyi" tablosu onu məftun edir. 1865-ci ildə iyirmi beş yaşlı gənc rəssam zəngin bir ailənin qızıyla, on səkkiz yaşlı Kamilla Donse ilə tanış olur, onlar birlikdə Şayiyə gedirlər. Burda Mane irihəcmli tablo üzərində işləyir. O da öz tablosunu "Çəmənlikdə səhər yeməyi" adlandırır, Eduard Mane kimi. Gənc rəssam hələ tamamlamağa macal tapmadığı tablonu girov qoyub Parisə qayıdır. Parisdə bir-iki gün ərzində Kamillanın portretini çəkir. Klod Monenin "Yaşıl paltarlı qadın" əsərinə baxın - yaşıl paltarlı qadın Kamilla Donsedir. Sevgililər yalnız 1870-ci ildə rəsmi surətdə evlənəndə oğlu Jan artıq üç yaşına girmişdi. Fransa-Prussiya müharibəsi başlayanda rəssam ölkəni tərk edir, bir müddət İngiltərədə və Hollandiyada yaşayır. Fransaya dönəndən sonra Paris ətrafında, Arjanteyldə məskunlaşır. Burda o, çox məhsuldar işləyir, lakin onun səadət dolu günləri uzun sürmür, Kamillanın atasının vəfatından sonra onlara miras qalmış kiçik sərvət tükənir. Monenin dostlarına yazdığı məktublar qorunub saxlanılır. O məktublardan birində Klod Mone Eduard Maneyə yazır: "Bu məktubu alan kimi mənə poçtla iyirmi frank göndərə bilərsinizmi?.."

   1878-ci ildə rəssamın ikinci oğlu Mişel-Jak dünyaya gəlir, bir ildən sonra Kamilla dünyasını dəyişir.

   ***

   Emil Zolyanın "Tvorçestvo" romanını yetmişinci illərdə əsgəri xidmətdə olarkən Tallində, hospitalda oxudum. İndi düşünürəm ki, ilk gənclik illərində rus dilində oxuduğum romanı fürsət düşsə, gərək yenidən oxuyum. Klod Mone ilə Kamillanın məhəbbət macərası romanın süjet xəttini təşkil edir. Roman işıq üzü görəndən sonra yazıçının gənclik dostları, əsasən də Pol Sezann və Klod Mone yazıçıdan bərk incidilər.

   K.Mokler "Foransız impressionizmi" kitabında yazır ki, impressionizm kəlməsi yaranışı etibarı ilə Klod Moneyə minnətdar olmalıdır. Əlbəttə, bu fikir çoxsaylı hipotezlərdən biridir. 1867-ci ildə salonda Monenin qürub çağı, günəşnin batmasını təsvir edən peyzajı sərgilənirdi. Səs-küyə səbəb olan peyzaj "İmpression" (Təəssürat) adlanırdı. Həmən sərgidə Ö.Renuarın, E.Deqanın, K.Mopenin, B.Morizonun, P.Sezannın və onlarla başqa rəssamın əsərləri nümayiş etdirilirdi. Əslində, bu peyzajın adı "Qavrda gün batımı"dır. Amma mənzərənin motivi aydın olmadığından sərginin kataloqunu hazırlayan Ögüst Renuarın qardaşı Edmon Renuar xahiş edir ki, rəssam əsərin adını dəyişsin. Beləliklə, tablonun adı "İmpression" olur. Jurnalist Lui Lerua sərgidə iştirak edən rəssamların hamısına "impressionistlər" yarlığı yarpışdırır. Tənqidçi Kastanyari də bu kəlmədən istifadə edir, amma, o, jurnalist Lui Leruadan fərqli olaraq bu sözü xeyirxah niyyətlə işlədir. Bir qədər sonra bu yeni söz ensiklopediyalara düşəcəkdi.

   Duran Ruel Klod Monenin əsərlərinin satışı ilə məşğul olmağa başlayır. Bu əməkdaşlıq rəssama uğur gətirir. Tez bir zamanda zəngin olmuş Mone rəssam dostlarını unutmurdu, yeri gələndə onlara əl tuturdlu, maddi yardım göstərirdi...

   ***

   Bir avqust axşamı, şəhərin mərkəzi küçələrindən birində bir balkona baxa-baza Eduard Manenin "Balkon" tablosunu balkondan gülümsəyən Berta Morizonu, Konstantin Meneni və Klod Maneni xatırladım.

   Balkonlar, balkonlar - Bakı balkonları...
Adil Mirseyid
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Avqust 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws