
Bir dövr Azərbaycanda insanların nümayiş etdirdiyi vətənpərvərliyin, başqa dillə desək, patriotizmin əndazəsi o qədər aşılırdı ki, bəzən qıcıq belə yaradırdı. Hər kəlmə başında, hər teleproqramda, hər toyda, məclisdə Vətən, millət, Qarabağ, işğal olunmuş torpaqlarımız...
Rəsmi və ya ictimai tədbirlər bir yana, insanlar toy məclislərində hansı mövzuda çıxış etsələr belə sözlərini "növbəti toylarımızı Qarabağda, Şuşada, Ağdamda, işğal olunmuş digər torpaqlarımızda keçirək" deyib tamamlayardılar. Yaxud, yeni ailə quran gənclər məcburi köçkündülərsə, ən böyük arzu "onların övladlarının işğal olunmuş rayonlarında dünyaya gəlməsi" olurdu.
Bu kimi arzular hətta o qədər kiçik dairələrdə belə səslənirdi ki, dost-aşnalar yeyib-içəndə Qarabağa həsr olunmuş çoxsaylı tostlar deyib badə qaldırardılar.
Bir müddət sonra hər kəlməbaşı işlədilən "ən böyük arzum Qarabağın, işğal edilmiş torpaqların azadlığı" fikri qıcıq yaratmağa, bezdirici təsir buraxmağa başladı. Bəlkə, bunda torpaqlarımızın nə qədər arzulansa belə, azad edilməməsi də var.
İnsanlar bu arzuları söyləməkdən və eşitməkdən yoruldular. Ona görə də, toyda Qarabağdan danışanlara demoqoq söylədilər. Xudmani dost məclisində "bu badəni də qaldıran o sağlığa ki, bir gün torpaqlarımız işğaldan azad olunsun" söyləyənə, "sən Allah, məclisi siyasiləşdirmə, qoy heç olmasa, bir neçə saatlıq qulağımız dinc çörək yeyək", deyib irad tutdular.
Toplumdakı bu əhval-ruhiyyə tezlikdə cəmiyyətin ictimai təbəqələrinə də sirayət etdi.
Yeni illə bağlı telekanallarda hazırlanan proqramlarda ənənəvi "ən böyük arzunuz" sorğularına xüsusi diqqət edirdim. İstər tanınmış insanlar olsun, istərsə küçədə fikri öyrənilən Azərbaycan vətəndaşı, demək olar ki, mütləq əksəriyyəti yalnız şəxsi xarakterli arzular söyləyirdilər. Kef olsun, yemək-içmək, çalıb-oynamaq olsun, əsas can sağlığıdır, qalan şeylər düzələr... Ola bilsin, başqa istisnalar da oldu, amma mənim gördüyüm bir tək xalq artisti Flora Kərimova idi ki, qatıldığı bir teleproqramda köhnəlmiş, şablonlaşmış, kimlər üçünsə bezdirici olan arzunu təkrarladı. Aparıcının "bu Yeni ildə ən böyük arzunuz" sualına böyük sənətkarımız nigaran səslə "Qarabağ" söylədi.
Bəlkə, yenə də şablon səslənəcək, amma ən böyük arzusu "Qarabağa qovuşmaq" olmayan xalqın, ən kiçik arzuları da gerçəyə çevrilməyəcək...