Belə uşaqlara xüsusi diqqət göstərilməsi onların psixologiyasına mənfi təsir göstərə bilər

"Qızımın 16 yaşı var. Anadangəlmə qüsurludur. Əqli çatışmazlığı olmasa da, onun bədəninin yarısı çalışmır. Dünyaya gələndən bu günə kimi üzüm bir dəfə də olsun gülməyib. Mən anayam, onun ilk addımlarını, ilk sözlərini, gülüşünü görməyi o qədər arzulamışam ki. Amma təəssüflər olsun ki, bu mənə qismət olmadı. Nə onu məktəbə yola sala bildim, nə də ailə həyatı qurmasının şahidi ola bilməyəcəyəm. O, doğulandan bütün hüquqları pozulub". Bunu deyən Səmayə Namazova istəsə də, qızını gəzməyə çox çıxara bilmir.
Qızının ətrafa baxışları, hər gəzintidən sonra axıtdığı göz yaşları ananı pərişan edir. S.Namazovanın sözlərinə görə, qızını xaricdə müalicə almağa aparsa da, onun dərdinə çarə tapılmayıb. "Mənə deyirlər apar qoy əlillər evinə. Bacarmıram, o, mənsiz necə yaşaya bilər? Onu mən dünyaya gətirmişəm, nə qədər ömrüm varsa, baxmalıyam. Amma istərdim ki, elə bir yer olsun ki, məktəb kimi aparım-gətirim. Təəssüflər olsun ki, elə bir yer də yoxdur".
Uşaq QHT Alyansının sədri Nazir Quliyevin sözlərinə görə, dünyanın bir çox ölkələrində əlilliyi olan uşaqların hüquqları lazımi səviyyədə qorunur. "Əlilliyi olan uşaqların yalnız bir qismi dövlət uşaq müəssisələrindədir. Böyük əksəriyyət isə ailələrində yaşayaraq, təcrid edilmiş şəkildə evlərdə "qıfıl" arxasında qalır" deyən həmsöhbətim həmin uşaqların cəmiyyətə inteqrasiyası prosesinin həyata keçirilmədiyini bildirir. Dediyinə görə, onlar heç bir ictimai tədbirlərdə iştirak etmir, kitabxanalara çıxışları məhduddur, təhsilə cəlb edilmir. "Həmin uşaqların sosial, mədəni və s. inteqrsiyası üçün müvafiq qanun və proqramlar olmasına baxmayaraq, reallıqda onların icrası həyata keçirilmir".
Psixoloq Günel Alıyeva hesab edir ki, əlilliyi olan uşaqlara xüsusi diqqət göstərmək lazım deyil. Onun fikrincə, bu, uşaqlara xüsusi diqqət yetirmək onların psixologiyasına təsir göstərə bilər. "Əlilliyi olan uşaqlar onsuz da normal uşaqlardan fərqli olduğunu bilirlər. Bu səbəbdən uşağı doğulan gündən normal uşaq kimi tərbiyə etmək lazmdır. Sadəcə olaraq, uşaqla davranışlarda ona qeyri-normal olduğunu hiss etdirmək lazım deyil".
G.Alıyeva hesab edir ki, valideynlərin əlilliyi olan uşaqlara xüsusi davranışı uşaqların inkişafdan qalmasına səbəb olur. "Valideynlər əlilliyi olan uşaqları üçün xüsusi tərbiyəçilər tutaraq, onların normal uşaqlar kimi inkişaf etməsinə yardım etmiş olarlar".
Psixixoloqun fikrincə, ilk növbədə əlilliyi olan uşağın valideynlərinin psixoloji yardıma ehtiyacı olur. Çünki qeyri-normal uşaq dünaya gəldiyi zaman valideynlər düşüncə qabiliyyətini itirir, nə etmək lazım olduğunu bilmirlər. Belə vəziyyət yarandığı halda valideynlər psixoloqa müraciət etməli, onları narahat edən bütün sualların cavabını psixoloq yardımı ilə tapa bilərlər. Əks halda valideynin belə vəziyyəti övladına bütün həyatı boyu sirayət edir.