
Xəbər verdiyimiz kimi, Parlament Jurnalistləri Birliyinin təmsilçiləri ilə "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov arasında görüş olub. Görüş zamanı B.Səfərov jurnalistlərin suallarını cavablandırıb. O, ilk növbədə icmanın fəaliyyəti barədə məlumat verib.
- İcmamız heç bir siyasətə qarışmır. Biz Dağlıq Qarabağdan, evindən-eşiyindən qovulmuş vətəndaşlarıq. Bu gün 75 minlik Dağlıq Qarabağın azərbaycanlı icmasının bir arzusu var - doğma torpaqlara qayıtmaq. Elə bu istiqamətdə də fəaliyyət göstəririk.
- Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilsə, siz hansı şərtlərlə bu referenduma gedərsiz?
- Bunun üçün bizim şərtlərimiz var; azərbaycanlı əhali doğma torpaqlarına qayıtmalıdır, ordakı erməni işğalçıları, silahlı qüvvələr hamısı oradan çıxmalıdır. Ondan sonra əgər orada yaşayan ermənilər referendum istəsələr buna gedərik. Amma onların referendum istəmələri hələ sual altındadır. Onlar bu gün silah, zor, təsir gücünə Qarabağda yaşayırlar. Sadə ermənilər ordakı yaşayışdan, qondarma rejimdən çox narazıdırlar. Bu barədə tez-tez xəbərlər alırıq.
- Belə çıxır ki, referenduma getməyə razısız?
- Yenə deyirəm, biz buna o şərtlə razıyıq ki, qayıdıb öz torpaqlarımızda oturmalıyıq. Biz ora qayıtmasaq, necə referendum ola bilər? Dağlıq Qarabağ təkcə erməni millətindən ibarət deyil. İndi işğal olunmuş Dağlıq Qarabağda kimlərsə danışır ki, bu torpaq bizimdir, vətənimdir. Mən də öz torpağımda, Şuşamda oturmalıyam ki, referenduma gedim. Bizim iştirakımız olmadan onlar necə referendum keçirə bilərlər? Mən istəyirəm ki, baxım görüm yanımda referendumda iştirak edən erməni nədən narazıdır. Mən ona sual vermək istəyirəm ki, axı sən nədən narazısan? Axı, narazı olmağa yer yoxdur. Onlar keçmiş SSRİ vaxtından Azərbaycan vətəndaşlarıdır, Azərbaycan pasportunu daşıyırlar. İndi onlar Azərbaycanın şəxsiyyət vəsiqəsini qəbul edib Dağlıq Qarabağda yaşaya bilərlər.
- Siz Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyanla görüşüb söhbət eləmək istəyirsizmi?
- Yox, mən istəməzdim ki, onunla oturub söhbət edim. Çünki onlarla mənim söhbətim tutmaz. Onlar hamısı canilərdi, onların əli bizim günahsız insanlarımızın, xalqımızın qanına batıb. Onlar sülh istəmirlər, sülhdən yayınmaq üçün bəhanələr gətirirlər. Onlar vaxt udmağa çalışırlar. Amma zaman gələcək ki, Azərbaycan torpaqlarında yaşayan adamlar Azərbaycan qanunlarına əməl etməyə məcbur olacaqlar.
- Rəhbərlik etdiyiniz icmanın Dağlıq Qarabağın erməni icması ilə görüşü nə vaxta planlaşdırılır?
- Biz görüşməyi həmişə istəyirik. Məsələn, Fərhad Bədəlbəyli, Rövşən Rzayev gedib Şuşada olublar. Biz istəyirik ki, danışaq söhbət edək. Ancaq erməni tərəfi bunu istəmir. Ona görə ki, ordakı cinayətkar qrup, cinayətkar rejim istəmir sülh olsun. Onlar Azərbaycan xalqına qarşı etdikləri cinayətə görə, Xocalı soyqırımına görə, Qaradağlı soyqırımına görə cavabdehdirlər. Həmin cinayətkar qrup ordakı ağıllı erməniləri də bizimlə danışmağa, görüşməyə qoymurlar. Onlar Azərbaycanla sülh danışığına razı olan erməniləri cəzalandırırlar.
- Erməni işğalından sonra Qarabağdakı abidələrimiz, azərbaycanlıara məxsus sənət əsərləri və s. ermənilər tərəfindən oğurlanıb, məhv edilib. Gələcəkdə erməni icması ilə danışıqlarda oğurlanan əşyaların qaytarılması və kompensasiya məsələsinin müzakirəsi nəzərdə tutulubmu?
- Əlbəttə, ermənilər Qarabağda abidələrimizi dağıdıblar, vətəndaşların şəxsi əmlakını, sənət əsərlərini oğurlayıblar. Şuşanın özü bir açıq muzey idi. Şuşanın sərvətini qiymətləndirmək mümkün deyil. Orda elə bir arxitekturalı binalar vardı ki, dünyanın heç bir yerində elə binalar olmayıb. Bunu xarici qonaqlarla söhbətlərimdə də deyirəm. Ermənilər həyasızcasına deyirlər ki, xalça mənimdir. Avropalıların da iştirak etdiyi bir tədbirdə dedim ki, xalça qoyun yunundan toxunur. Axı xalçaçılıq erməninin sənəti deyil. Tərəkəməçilik türklərə məxsus olub. Erməni donuz saxlayır. Donuz tüküylə gəvə toxunmur axı. İndi nə qədər ki, torpaqlarımız onların tapdağı altındadı, yalandan çox şey deyəcəklər. Qaldı ki, kompensasiya məsələsinə, erməninin nəyi var ki, bizə kompensasiya versin. Ermənistana məxsus qiymətli nə varsa, Rusiyaya aparılıb. Allah-taala Azərbaycan xalqına var-dövlət də verib, torpaq da. Mən möhtərəm prezidentimizin çıxışına istinad edərək deyə bilərəm ki, biz Qarabağa qayıdanda ordakı abidələrimizi əvvəlkindən də yaxşı bərpa edəcəyik. Azərbaycanın buna vəsaiti var.
- Hazırda Dağlıq Qarabağda nə qədər erməni yaşayır?
- Faktiki olaraq bu gün orada 30 mindən artıq adam yoxdur. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin sayı isə 75 min nəfərdən çoxdur.
- İcma üzvlərinin "xalq diplomatiyası" çərçivəsində Qarabağa, Ermənistana səfərlərinin davam etdirilməsini istəyirsizmi?
- İstəyir Şuşada, istəyir Ermənistanda, Bakıda, Moskvada olsun, mən ermənilərlə danışıqlar aparılmasının tərəfdarıyam. Biz onların torpağını işğal etməmişik, onlar bizim torpağımızı işğal ediblər, əmlakımızı talan ediblər. Mən "xalq diplomatiyası"nın davam etdirilməsinin tərəfdarıyam. Biz sadə ermənilərlə də, ziyalılarla da görüşməyə hazırıq. Biz sülh danışıqlarını aparıb, torpağımıza qayıtmalıyıq, onlarla bir yerdə yaşamalıyıq. Onlar da bizim vətəndaşlarımızdır. Biz istəsək də, istəməsək də qonşuyuq. Allah-taala bizim taleyimizi belə yazıb. Ona görə "xalq diplomatiyası"ndan nə qədər imkan var, istifadə etməliyik.