25 Yanvar 2012-cı il N 224(3804)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Mövqe dəyişikliyi (1044)
"Ən böyük arzum" (1005)
Qıcıq yaradan hərəkat (948)
Bu gün birlik günü ola bilərdi... (948)
"Hərəkatımız siyasi blok deyil" (548)
Görüntü (437)
Fransa özünü işə saldı (427)
Bitlomaniya (422)
Birlik təklifi növbəsi (413)
Müxalifətin əsl güc mərkəzi axtarışı (342)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Fransa həmsədrlikdən qovulsun!
Bakıdan Parisə sərt etirazlar: Senatın ağılsız qərarı ilə Fransa vasitəçilik missiyasına xəyanət etdi

Fransa Senatının "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsi qardaş Türkiyədə olduğu kimi, Azərbaycanda da etirazla qarşılanır. Azərbaycan ictimaiyyəti bu məsələdə Türkiyənin yanında olduqlarını bəyan etməklə yanaşı, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın vasitəçilik missiyasından imtina edilməsini tələb edirlər. Bu tələbi səsləndirənlər hesab edirlər ki, Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrliyindən imtinanın vaxtı çatıb.

   Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə hesab edir ki, dünya tarixində ilk dəfədir belə ağılsız, əsassız qərar qəbul edilib. "Fransa Senatı bu qərarı hansısa bir xırda məqsədə nail olmaq üçün qəbul edib".

   Vaxtilə Xolokost qətliamı barədə qərar qəbul olunduğunu qeyd edən Rəhimzadə xatırladıb ki, bu, müharibədən dərhal sonra hərbi məhkəmə tərəfindən sübuta yetirilərək qəbul olunan qərar idi: "Lakin sübuta yetirilməyən bir iddia ilə bağlı belə bir qərarın qəbul olunması məntiqsizlikdir. Mənim yadımdadır, ermənilər uydurma soyqırımı məsələsini qaldıranda əvvəlcə 600, sonra 700, daha sonra 800 insanın öldürüldüyünü deyirdilər. İndi isə bu rəqəmi 1 milyona yarıma çatdırıblar. Heç o zaman Türkiyədə bu qədər erməni olmayıb".

   Bu qərarın Fransa parlamentinə başucalığı gətirməyəcəyini vurğulayan komitə sədrinə görə, bundan sonra ATƏT Minsk qrupu çətin ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv qərar verə. "Mənim bu quruma ümumiyyətlə, inamım yoxdur".

   Deputat Fəzail Ağamalı sözügedən qanun hələ Fransa Milli Assambleyasında müzakirəyə çıxarılarkən AVP sədri kimi Fransanın anti-demokratik xəttinə qarşı ən kəskin mövqeni ortaya qoyanlardan biri olub. "Mən o zaman demişdim ki, dərhal Fransanın ATƏT-in Minsk qrupundakı fəaliyyətinə son qoyulmalıdır. Çünki o öz neytrallığını, bitərəfliyini itirib və bu gün Ermənistanı açıq şəkildə müdafiə etməkdədir. Belə olan halda Fransa öz həmsədrlik missiyasını yerinə yetirə bilməz. Bu gün də o fikirdəyik" deyən AVP sədri hesab edir ki, Fransa birmənalı olaraq həmsədrlikdən uzaqlaşdırılmalıdır.

   F.Ağamalı onu da bildirib ki, parlamentin yaz sessiyası başlanarkən Fransanın Minsk qrupunun həmsədrliyindən çıxarılması məsələsini qaldıracaq: "Fransanın anti-humanist, anti-türk və ermənipərəst siyasətinə qarşı ən ardıcıl mübarizə aparanlardan biri biz olacağıq".

   BAXCP sədri, deputat Qüdrət Həsənquliyev də qəzetimizə bildirib ki, Fransa Senatının məlum addımı Qafqazda düşmənçiliyin və qarşıdurmanın gücləndirilməsinə xidmət edir. BAXCP sədri hesab edir ki, bu qanunun qəbulu ilə Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindəki vasitəçilik missiyasını başa vurub: "Fransa vasitəçi kimi ona verilən mandat üzərindəki hüquqi və mənəvi haqqını itirib. Buna görə də, Azərbaycan dərhal Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması üçün müvafiq qərarlar qəbul etməlidir".

   YAP-ın icra katibi Əli Əhmədov isə APA-ya müsahibəsində bildirib ki, "erməni soyqırımı" ilə əlaqədar Fransada qəbul olunan qanun birbaşa Azərbaycanın maraqlarına da toxunur. YAP rəsmisi düşünür ki, Fransanın açıq şəkildə özünü Ermənistanın maraqlarının lobbiçisi kimi aparması onun öz üzərinə götürdüyü vasitəçilik missiyasına xəyanət etməsi deməkdir. "Təəssüf ki, çox mühüm vasitəçilik missiyasını üzərinə götürən Fransa nə olduğu kimi görünə, nə də göründüyü kimi ola bilir. Belə olan halda ən ləyaqətli yol o olardı ki, Fransa üzüsulu vasitəçilik missiyasından əl çəkəydi, çünki bu missiyanı yerinə yetirmək üçün mənəvi haqqını itirib. Fransanın Minsk qrupundakı fəaliyyətinə gəlincə, burada indiyədək mövcud olan tənqidi yanaşmalar, düşünürəm ki, o ölkənin həmsədrlikdən kənarlaşdırılması çağırışları səviyyəsinə qalxacaq", - deyə Ə.Əhmədov bildirib.

   Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə əməkdaşımızla söhbətində Senatın qəbul etdiyi bu qanundan sonra Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrliyindən imtina edilməsini vacib sayıb. Dediyinə görə, Fransanın belə qanun layihəsini qəbul etməsi onun nəinki bu missiyada tərəfli mövqeyi olmasına dair şübhələr yaradır, eyni zamanda Cənubi Qafqaz bölgəsində apardığı siyasətə başqa, qərəzli bir rəng qatır. "Bu səbəbdən də Fransaya bu həmsədrlik missiyasında göstərdiyimiz etimadsızlıq əsassız deyil, əksinə gələcəkdə veriləcək qərəzli qərarların önləyicisidir".

   Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın dediyinə görə, Fransa bu sənədin qəbulu ilə özünün ATƏT-in Minsk qrupunun həmsədri roluna çox ciddi zərbə vurub: "Çünki Azərbaycanda heç kim inanmayacaq ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində obyektiv, neytral və ədalətli rol oynaya bilər" deyən Paşayevanın sözlərinə görə, Azərbaycan və Azərbaycan xalqı Fransadan ədalətli heç bir şey gözləmir. "Təbii ki, Azərbaycan xalqı bu məsələnin üzərində ciddi düşünəcək. Bu qanunun qəbulundan sonra Fransa Minsk Qrupunun həmsədrliyindən getməlidir".

   DİP sədri Asim Mollazadə də Fransa Senatının məlum qərarını Avropanın demokratik prinsiplərinə, söz, fikir və ifadə azadlıqları ilə bağlı dəyərlərinə zidd sayır, bu qərarı ədalətsiz hesab edir. Mollazadə Azərbaycan hökumətinin də məsələ ilə bağlı adekvat addımlar atmasını zəruri sayır: "Azərbaycan hökumətini Fransanın ATƏT-in Minsk qrupunda həmsədrlikdən çıxarılmasını tələb etməyə çağırırıq. Çünki sözügedən qanunun qəbulundan sonra Fransanın bir dövlət olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllində ədalətli mövqe tutacağına, tərəfsizlik nümayiş etdirəcəyinə heç bir zəmanət yoxdur".

   QHT Şurasının sədri, deputat Azay Quliyev Senatda "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbulunu Fransa tarixi üçün qara ləkə sayır. Onun fikrincə, prezident Nikola Sarkozi 1789-cu ildən bəri Fransada hökm sürən söz və fikir azadlığını, demokratik dəyərləri öz siyasi ambisiyasına qurban verib: "Bunun başqa adı yoxdur. Çünki Fransa ictimaiyyətinin böyük hissəsi, ayrı-ayrı qeyri-hökumət təşkilatları, Senatın Konstitusiya komissiyası və digər çoxluq bunun əleyhinə olsa da, Sarkozinin partiyası Senatda bu qanunun qəbul edilməsinə nail oldu. Mən bir daha deyirəm, bu addım bütövlükdə Avropanın insan hüquqları dəyərlərinə tamamilə ziddir".

   A.Quliyev bildirib ki, bu qanun həm də Fransanın həmsədr ölkə olaraq ATƏT-in Minsk qrupundakı statusuna və fəaliyyətinə çox ciddi zərbə vurub: "Artıq Fransa heç bir halda deyə bilməz ki, mən neytral vasitəçiyəm, qərəzsiz və obyektivəm. Buna əvvəllər də ciddi şübhə var idi, amma bu qanun bir daha Fransanın haqqın-ədalətin yox, haqsızın, ədalətsizin yanında olduğunu göstərdi. Bu, Fransanın həmsədr ölkə kimi vasitəçilik missiyasını davam etdirməsini mümkünsüz edəcək. Ən azı, Fransanın buna mənəvi haqqı qalmadı".

   VİP sədri Əli Əliyev də Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmasının tərəfdarıdır. Onun fikrincə, Azərbaycan hökuməti Fransa ilə münasibətlərə və siyasi-iqtisadi əlaqələrə yenidən baxmalıdır: "Fransa bu addımı ilə bir daha göstərdi ki, o ermənipərəst mövqedədir və həmsədr kimi obyektiv ola bilməz. Ona görə də Fransa ATƏT-in Minsk Qrupundan kənarlaşdırılmalıdır və biz bu çərçivədə qardaş Türkiyə ilə birgə fəaliyyətin təmin olunmasına istiqamətlənmiş təcili addımlar atmalıyıq".

   Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, Fransa Ermənistanı müdafiə etməklə Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsinin nizamlanmasında tərəfsizlik göstərə bilməz. "Biz Azərbaycanın Fransa ilə münasibətlərinə yenidən baxılmasını tələb edirik".

   ALDP sədri Fuad Əliyevin dediyinə görə, rəsmi Parisin bu qərarı Türkiyə başda olmaqla bütün türk dünyasına qarşı aparılan çirkin siyasətin nəticəsidir: "ALDP olaraq Azərbaycanın da bu məsələdə Türkiyə ilə həmrəy olmasını vacib hesab edirik. Fransanın bu qərarı Parisi bütün türk dünyası ilə düşmən edə bilər. Bu isə Fransa üçün xoşagəlməz nəticələr vəd edir" deyən ALDP sədri hesab edir ki, Azərbaycan Fransa ilə bütün əlaqələrinə son qoymalı, Fransanın Minsk qrupunun həmsədrliyindən imtina edilməlidir.

   AMİP Siyasi Şurası da Fransanın həmsədrlikdən uzaqlaşdlırılmasını tələb edir. "Bu qanunun qəbulu ilə Fransa Dağlıq Qarabağ probleminin həllində hansı mövqedən çıxış etdiyini, ATƏT-in Minsk qrupunun həmsədri kimi açıq şəkildə Ermənistanı dəstəklədiyini bir daha göstərdi".

   Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyəti də Senatın qəbul etdiyi qərarın Fransa və Avropa dəyərlərinə zidd olduğunu bildirərək, bunu antitürk addım kimi dəyərləndirib. Qurumun yaydığı bəyanatda Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun fəaliyyətinə xitam verilməsi, Azərbaycanın tələbi ilə Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən çıxarılması, Azərbaycan ilə Fransa arasında olan iqtisadi, siyasi, mədəni münasibətlərə və əlaqələrə son qoyulması tələb edilir.

   Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin yaydığı bəyanatda qanun layihəsinin qəbulu tarixin saxtalaşdırılması, ümumbəşəri dəyər olan söz və ifadə azadlığına böyük zərbə kimi dəyərləndirilib: "Fransa Senatı nəinki Türkiyə və Azərbaycanla dövlətlərarası münasibətlərə böyük ziyan vurdu və Fransaya olan etimadın tam itirilməsinə təkan verdi, həm də öz dəyərlərinə xəyanət etdi".

   Bəyanatda Azərbaycan dövlətindən təxirəsalınmaz qətiyyətli və cəsarətli addımlar atılması da tələb olunub: "Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən dərhal uzaqlaşdırılmalı, Azərbaycanın Fransadakı səfiri geri çağırılmalı, bütün sahələrdə əlaqələrə yenidən baxılmalıdır".

   Bu arada "İrəli" İctimai Birliyinin üzvləri Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçiriblər. Aksiya iştirakçıları səfirliyin qarşısında "Fransada ölmüş demokratiya"nın ruhuna şamlar yandırıb, "Azərbaycan-Türkiyə!", "Ar olsun Sarkoziyə!", "Sarkozi - Sarkisyan!" şüaları səsləndiriblər. Daha sonra etiraz bəyanatı oxunub.

   Fransa səfirliyinin qarşısında növbəti aksiyanı bu gün İctimai Palata üzvləri keçirəcək. İctimai Palatanın Koordinasiya Şurasının növbədənkənar yığıncağında qəbul edilən qərara görə, bu gün Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçiriləcək, yanvarın 26-da Bakıdakı Türkiyə səfirliyinin binası qarşısından Fransa səfirliyinə qədər yürüş təşkil ediləcək.
Aqil ASLAN
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Yanvar 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws