"Şahdəniz-2"
biz üstündə...
BP yalnız hazırkı an üçün İrana sanksiyaların "Şahdəniz"ə toxunmayacağına əmindir

ABŞ-ın İrana sanksiyalarının Azərbaycanın "Şahdəniz-2" layihəsinə toxunub-toxunmayacağı son günlərin əsas müzakirə mövzularından birinə çevrilib.
Bəlli olduğu kimi, Hasilatın Pay Bölgüsü sazişinə əsasən, BP (operator, 25,5%), "Statoil" (25,5%), ARDNŞ (10%), "Total" (10%), "LukAgip" (10%) və TPAO (9%) şirkətləri ilə yanaşı İranın Milli Neft Şirkətinin (NİCO) törəməsi olan "Naftiran Intertrade Co." şirkəti də Azərbaycanın 20 milyard dollarlıq bu nəhəng qaz yatağı layihəsində 10% paya sahibdir.
Hazırda ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində respublikaçı konqresmen İleana Ros-Lehtinenin tərtib etdiyi və İranla hər hansı enerji əməkdaşlığını qadağan edən qanun layihəsi müzakirə olunur.
Qanun qəbul edilsə, İranla işləyən istənilən şirkətin ABŞ-da işləməsi yasaqlanacaq. Belə sanksiyanın hədəfinə "Şahdəniz" də düşə bilər.
Düzdür, hazırda "Şahdəniz" ətrafında vəziyyət elə də kritik deyil. Bir tərəfdən, ABŞ və AB İran neftinə embarqo qoysalar da, bunun neftin qiymətini kəskin qaldırmaması üçün baş sındırırlar. ABŞ sanksiya siyasəti ilə İrana maksimum iqtisadi zərbə vurmaq istəsə də, Avropa iqtisadiyyatı üçün riskləri nəzərə almaya bilməz. Qərbdə isə belə yekdil rəy var ki, "Şahdəniz-2" layihəsinin yubadılması AB-nin enerji təhlükəsizliyi ilə bağlı neçə illik planlarına ziddir.
Digər tərəfdən, Böyük Britaniyanın BP şirkəti İrana sanksiyaların öz layihələrinə, o cümlədən əsas operatoru olduğu "Şahdəniz-2" layihəsinə toxunmamasına çalışır, ABŞ Konqresində böyük lobbiçilik işi aparır.
"Ekspress"in artıq xəbər verdiyi kimi, ABŞ-ın nüfuzlu "The Wall Street Journal" nəşri bu yaxınlarda məlumat verib ki, ötən ilin dekabrında Britaniya XİN və AB və BP-nin nümayəndələri ilə birlikdə ABŞ konqresmenlərinə müraciət edərək ABŞ-ın İrana qarşı yeni sanksiyalarının "Şahdəniz-2" layihəsinə aid edilməməsini xahiş ediblər.
"The Wall Street Journal" nəşrinin yazdığına görə, BP, AB və Britaniyanın lobbiçiliyi nəticəsində Ros-Lehtinenin layihəsinin hazırkı versiyasında deyilir ki, "sanksiyalar Azərbaycandan Avropa və Türkiyəyə qaz daşımaq", yaxud Avropanın "enerji təhlükəsizliyi və Rusiyadan asılılıqdan çıxmaq" cəhdlərinə təsir etməyəcək.
Vaşinqtondakı digər mənbələrə görə də, ABŞ hökumətinin mövqeyi belədir ki, yataq işini davam etdirə bilər, çünki Obama administrasiyası hesab edir ki, onun Avropanın enerji təminatının müxtəlifləşdirilməsindəki rolu İranın qazancı ilə müqayisə olunmayacaq dərəcədə əhəmiyyətlidir. Odur ki, məlumatlı mənbənin "Turan"ın Vaşinqton müxbirinə bildirdiyinə görə, Obama administrasiyası Avropadakı müttəfiqləri ilə birlikdə yeni layihənin və digər sanksiyaların "Şahdəniz"in işini saxlamayacağına əmin olmaq üçün Konqreslə sıx işləyirlər.
Bu arada BP-nin "Şahdəniz" layihəsi üzrə marketinq meneceri Stiv Garlik Vyanada keçirilən konfransda çıxışında deyib ki, hazırkı anda sanksiya prosesinin "Şahdəniz" layihəsinə toxunmayacağına BP əmindir. Onun sözlərinə görə, şirkət bu məsələni nəzarətdə saxlayır, müxtəlif siyasi orqanlar və lobbiçilərlə aktiv əməkdaşlıq edir: "Bu cür nəhəng layihələr hər zaman risklərə məruz qalır. İrana qarşı sanksiyalar da bu risklərdəndir və biz bunun öhdəsindən gəlməliyik" ("Bloomberg").
Qeyd edək ki, BP meneceri yalnız "hazırkı an"dan danışır. Lakin unutmayaq ki, bu il ABŞ-da prezident seçkisi ilidir və İrana sanksiyalardan siyasi xal yığmaq vasitəsi kimi yararlanmağa çalışan respublikaçı konqresmenlər Ağ Evi eşitməyə də bilərlər.
Hər halda, Obama administrasiyası hazırda İrana sanksiyalarda "Şahdəniz"i istisna etsə də, Vaşinqton bu qərarını Tehrana qarşı daha artıq sərtlik tələb etdiyi xarici müttəfiqləri və eləcə də Konqresin hər iki qanadında artan sanksiya tərəfdarları qarşısında elə də asan müdafiə edə bilməyəcək.
Beləliklə də, İrana qarşı sərtləşdirilmiş sanksiyaların "Şahdəniz-2"yə tətbiq edilib-edilməməsi məsələsi gündəmdən tam çıxmadıqca, Azərbaycanın bu nəhəng layihəsi "biz üstündə oturmuş" halda qalacaq.