
Azərbaycanın Hərbi Prokurorluq orqanları 2011-ci ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 84 fakt üzrə cinayət işi başlayıb. Bu barədə Azərbaycanın hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə ötən ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında bildirib.
Hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı respublikanın bir neçə rayon hərbi komissarları barəsində cinayət işləri başlanıb. Bakı şəhər Suraxanı, Xətai rayon hərbi komissarlıqları, həmçinin Cəlilabad və Ağdam rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində aparılan cinayət işləri üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün məhkəmələrə göndərilib, Binəqədi rayon, Sumqayıt şəhər və Gəncə şəhər Nizami rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində başlanmış cinayət işləri üzrə istintaq isə yekunlaşma mərhələsindədir.
X.Vəliyev bildirib ki, ötən il Silahlı Qüvvələrdə baş vermiş cinayətlərin 99,1 faizi açılıb. Onun sözlərinə görə, 2010-cu ilə nisbətən 2011-ci ildə Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 6,7 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 7,1 faiz, o cümlədən tabelik qaydaları əleyhinə olan cinayətlər 11,8 faiz, tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 4,5 faiz, fərarilik cinayətləri 25,9 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 31,6 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 23,1 faiz, qeyri-hərbi cinayətlər 5 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 16,2 faiz, xuliqanlıq cinayətləri 66,7 faiz, silahlı birləşmələrdə ölüm halları 11,3 faiz, o cümlədən özünü öldürmə həddinə çatdırma cinayətləri 76,9 faiz azalıb. Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusi ilə ağır cinayətlərin açılması təmin olunub. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrinin yaranması, habelə birgə tədbirlərin çox böyük əhəmiyyəti olub.
Bununla yanaşı, ötən il bir neçə növ üzrə cinayətlərin sayı artıb. Hərbi prokuror bu cinyətlərin nədən ibarət olduğunu açıqlamayıb.
Ötən il Respublika Hərbi Prokurorluğunun 17 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, o cümlədən bir nəfər prokurorluq orqanlarından xaric olunub, bir nəfər isə tutduğu vəzifədən kənarlaşdırılıb.