
Azərbaycan lideri ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats, Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger, "UBS Global" şirkətinin Direktorlar Şurasının sədri Qaspar Villigerlə, həmçinin artıq xəbər verdiyimiz kimi, İsveçrə Konfederasiyasının prezidenti xanım Eveline Vidmer Şlümf, İsrail prezidenti Şimon Peres və "OMV AG" şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşlər keçirib.
İsrail prezidentinin mətbuat xidmətinin məlumatına görə, Şimon Peres Azərbaycanda İsrail ictimai xadimlərinə qarşı törədilməsi planlaşdırılan terror aktının qarşısı alındığına görə İlham Əliyevə təşəkkür edib. Buna cavab olaraq Azərbaycan prezidenti qeyd edib ki, Azərbaycan özünü, etnik və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşlarını müdafiə etmək gücündə olduğunu sübut edib. Azərbaycan prezidenti İsraillə bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcəyini bildirib.
Yanvarın 26-dasa prezident İlham Əliyev Gürcüstanın baş naziri Nika Gilauri, Ukrayna prezidenti Viktor Yanukoviç, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenberger və Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşlər keçirib.