
AŞPA sessiyasının yanvarın 26-da keçirilən plenar sessiyasındakı çıxışından sonra Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron Assambleya iştirakçılarının suallarını cavablandırıb.
Devid Kemeron bu həftənin əvvəlində Fransa Senatının uydurma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərara da münasibət bildirib. Baş nazir Fransa parlamentinin bu məsələlərdə qərar qəbul etməkdə sərbəst olduğunu desə də, bu qərarın Türkiyə ilə münasibətlər baxımından ziyanlı ola biləcəyini dilə gətirib: "Təbii ki, erməni xalqı keçmişdə faciəli tarix yaşayıb və biz bunu deməliyik. Lakin biz bu gün keçmişlə yaşamamalıyıq, bu günümüzdəki problemlərə diqqət yetirməliyik".
Kemeron hesab edir ki, bu gün Avropa Birliyi ölkələri ilə Türkiyə arasında daha da dərin münasibətlər qurulmalıdır:
"Biz terrorla mübarizə apardığımız bir dövrdə, eyni zamanda Yaxın Şərq ölkələrində gedən müsbət proseslərin fonunda biz bir yerdə necə yaşaya bilməmiz haqda daha çox düşünməliyik. Müsəlman Türkiyəsi bu gün Yaxın Şərqdəki proseslərdə böyük rol oynayır. Əksinə elə etmək lazımdır ki, Türkiyə Avropa Birliyinə qəbul edilə bilsin. Türkiyə ilə Böyük Britaniyanın arasındakı münasibətlər çox güclüdür və bu əlaqələrin daha da möhkəm olacağına şübhəm yoxdur".