
1982-87-ci illərdə Heydər Əliyevin SSRİ Nazirlər Şurasının sədr müavini və Sov.İKP MK Siyasi Bürosunun üzvü olduğu zaman onun aparatının keçmiş əməkdaşlarından ibarət bir qrup Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycana gəlib.
Heydər Əliyevin keçmiş köməkçiləri, şəxsi həkimi, mühafizəçisi və digər şəxslərin dünən mətbuatla görüşü keçirilib. 1982-1987-ci illərdə Kremldə Heydər Əliyevlə çalışmış bu şəxslər onunla işləməkdən qürur hiss keçirdiklərini bəyan ediblər.
Vaxtilə SSRİ baş nazirinin müavini katibliyinin rəhbər müavini Vladimir Uxov Heydər Əliyevlə Kremldə birgə işlədiyi illəri xatırlayıb. Heydər Əliyevi son dərəcə məsuliyyətli və iradəli insan kimi səciyyələndirən Uxov onu öz işinin peşəkarı adlandırıb.
Heydər Əliyev özünə və tabeliyində olanlara qarşı tələbkar olub, eyni zamanda, o, komandasının üzvlərinin problemlərinə qarşı diqqətli olan həssas bir rəhbər idi.
Heydər Əliyevin keçmiş köməkçisi Yuri Soloduxin bildirib ki, o, yenidənqurma dövrünə qədər Sovet rəhbərliyində KİV-ə böyük diqqət yetirən yeganə insan idi.
SSRİ Nazirlər Şurasında mətbuat icmalı hazırlayan İnformasiya şöbəsi yaradılana qədər Soloduxin şəxsən Heydər Əliyev üçün qəzetlərdən onu maraqlandıran məsələlər və bütünlükdə siyasət üzrə icmallar hazırlayıb: "Heydər Əliyev jurnalistlərə və peşə fəaliyyətinə görə ictimai rəyi müəyyən edən hər kəsə qarşı çox diqqətli yanaşırdı. O, ictimai fikrin formalaşdırılması üzrə işə dövlət idarəçiliyinin sahələrindən biri kimi baxırdı. Ümumiyyətlə, o, hazırda vətəndaş cəmiyyəti ilə qarşılıqlı fəaliyyət adlandırılan məsələlərə böyük diqqət yetirirdi".
Uxov xatırlayır ki, Heydər Əliyev "Vremya" verilişinə baxdıqdan sonra işdən gedirdi: "Verilişdə haradasa üç vaqonun saxlandığı haqqında məlumat səslənsə, o, dərhal tədbir görülməsi üçün nəqliyyat nazirinə zəng edirdi".
Rəsmi, gizli məlumatdan və mətbuat üçün məlumatdan başqa, Əliyev insanların danışdıqlarına və düşündüklərinə də diqqət yetirirdi.
Heydər Əliyevin digər köməkçisi Eduard Proxorenko isə deyib ki, Heydər Əliyev Qorbaçovun antialkoqol kampaniyasını dəstəkləmirdi: "Araq-şərab mağazalarının sayının azaldılması ilə bağlı kütlənin fikrini öyrənmək üçün bir gün Heydər Əliyev məni bu ticarət obyektlərində növbəyə göndərdi. Qayıtdıqdan sonra xalqın uzun növbələri "Qorbaçov labirinti" adlandırdığını söylədim".
Kooperativlər yaradılarkən Heydər Əliyev şəxsən onlara baş çəkib və bu özəl qurumların işi ilə tanış olub.
Heydər Əliyevin istefasını xatırlayan keçmiş işçiləri bunu qəfil və ədalətsiz adlandırıblar. Proxorenko onun 1987-ci ildə istefa verməsini belə xatırlayır: "Həmin gün biz adi işgüzar səfərdə idik. Hər şey qaydasında gedirdi. Qəflətən bizdən Kremlə dönməyi xahiş etdilər. Qayıtdıqdan sonra Heydər Əliyevə istefa ərizəsi yazmaq təklif olundu. Bu, çox gözlənilməz idi".
Proxorenko Heydər Əliyevin istefa təklifini mətinliklə qəbul etdiyini xatırladaraq belə bir təklifin o zamankı SSRİ rəhbərliyinə başucalığı gətirmədiyini deyib.
Uxov isə Heydər Əliyevi iradəli və güclü şəxsiyyət kimi xarakterizə edib: "Təbii ki, istefa təklifini ağır qarşıladı, amma bunu ətrafındakılara hiss etdirmədi".
Heydər Əliyevin digər köməkçisi Yuri Soloduxin isə deyib ki, "Kremldən gedəndən sonra Heydər Əliyev mənə dedi ki, bu cür istefa verməsi onun qəlbini incidib. Əslində bu, istefaya məcbur etmək idi".
İştirakçılar bildiriblər ki, 1984-cü ildə Heydər Əliyevin operativ reaksiyası və müdaxiləsi nəticəsində SSRİ-nin şimalında enerji fəlakətindən yayınmaq mümkün olub. Görüş iştirakçıları Heydər Əliyevin Kremldə işlədiyi 5 il ərzində Rusiyaya çox böyük töhfələr verdiyini bildiriblər. Onlar məhz buna görə Rusiyada Heydər Əliyevin xatirəsinə abidə ucaldılmasını təklif ediblər.