Rusiya Suriyaya
36 hərbi təyyarə satır
"Yak-130"larla bağlı sövdələşmənin
ümumi qiyməti $550 milyondur
Moskva və Dəməşq Suriyanın Rusiyadan 36 təlim-döyüş təyyarəsi - "Yak-130"ların alması barədə yeni saziş imzalayıb. Baxmayaraq ki, Suriyada ötən ilin martından qanlı vətəndaş müharibəsi davam edir və beynəlxalq birlik bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
Rusiyanın "Kommersant" qəzeti "Rosoboroneksport"ya (Rusiyanın silah ixrac edən qurumu) yaxın mənbəyə istinadən xəbər verir ki, sazişin məbləği $550 milyondur - yəni, bir təyyarə təxminən $15,3 milyona satılacaq.
Qeyd edək ki, daha əvvəl Suriya HHQ-nin pilotları Çexiyanın "L-39 Albatros" təyarələrində təlim keçirdilər. Ekspertlər hesab edirlər ki, Moskvanın Dəməşqlə silah və hərbi texnikanın tədarükü ilə bağlı imzaladığı saziş Liviya ilə analoji anlaşmanın taleyini təkrarlaya bilər. Ötən il BMT Təhlükəsizlik Şurasının Liviyaya qarşı tətbiq etdiyi sanksiya üzündən Moskva Qəzzafi rejimi ilə bağladığı müqavilə üzrə öhdəliklərindən imtina etməyə məcbur olmuş və $4 milyardlıq qazanc əlindən çıxmışdı.
Ziya