ATƏT sədri Cənubi Qafqaza səfər edəcək
ATƏT-in fəaliyyətdə olan sədri Eymon Qilmor Cənubi Qafqaza səfər edəcək. Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, səfər yaxın aylar ərzində gerçəkləşəcək.
Eymon Qilmorun səfərinə hazırlıq məsələləri onun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Pedreyk Mörfinin regiona səfəri çərçivəsində müzakirə olunur. Qeyd edək ki, P.Mörfinin Azərbaycana səfəri dünən başlayıb. Xüsusi nümayəndə Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bildirib ki, ATƏT-ə sədrlik yanvar ayından İrlandiyaya keçib: "Mən də Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olaraq region ölkələrinə, o cümlədən Azərbaycana səfər etməliyəm".
Azərbaycan Ordusunun kiçik çavuşunun bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülməsinə şərh verməyən xüsusi nümayəndə deyib ki, bu məsələ ilə ATƏT-in Minsk Qrupu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kapşik məşğuldur.