Həftəsonu
çovğun olacaq
Ölkə ərazisində qeyri-sabit hava şəraitinin ayın sonunadək davam edəcəyi, şaxtalı keçəcəyi, fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu gündən başlayaraq, yağıntının yanvarın 28-29-da bəzi yerlərdə güclü olacağı ehtimalı var. Şimal-qərb küləyinin sürəti saniyədə 10-15 metr olacaq, arabir 20-25 metrədək güclənəcək. Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq.
Bu gün Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Temperatur gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın, axşam 2 dərəcəyədək şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Ayın 28-nə keçən gecəyə doğru çovğun olacağı ehtimalı var.
Bu gün axşamdan yanvarın 29-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, qar yağacağı, şimal-qərb küləyinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi gözlənilir. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir.
Ümumiyyətlə, yanvarın 30-dək Abşeron yarımadasında soyuq temperatur diskomfortunun davam edəcəyi ehtimalı var. Bu gün axşam və sabah qarlı və şaxtalı hava şəraiti güclü xəzri küləyi fonunda daha da kəskinləşəcəyindən meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət görülmür.
Bölgələrdə də bu gün arabir qar yağacaq, bəzi yerlərdə intensiv, axşama doğru şimal və şərq rayonlarında güclü olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Temperatur gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə minimal temperatur 20-25 dərəcə şaxta olacaq.
Bu arada Respublika Baş Dövlət Yol Polisi İdarəsi soyuq və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
Qurumdan bildirildiüyinə görə, son günlər havaların kəskin soyuması ilə əlaqədar ölkənin bir sıra magistral yollarını buz bağlayıb. Respublikanın şimal istiqamətində - Quba, Qusar, Xaçmaz rayonları və Şamaxı, İsmayıllı, Ağsu rayonları istiqamətində hərəkət edən sürücülərə ehtiyatlı olmaq, iki oxu aparıcı olan avtomobillərdən istifadə etmək tövsiyə olunur.
İ.CƏLİLOVA