
"Rusiyanın miqrasiya qanunvericiliyini pozanların 5 ildən 10 ilədək, bəlkə də daha çox müddətə ölkəyə girişi qadağan olunmalıdır". Rusiya baş naziri Vladimir Putin RF Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski ilə görüşündə belə təklif edib.
Putin bildirib ki, FMX, DİN və Federal Təhlükəsizlik Xidməti regionlarda biznes sahibləri ilə birgə çalışaraq harada nə qədər və hansı peşələr üzrə işçilərə ehtiyac olduğunu müəyyənləşdirməlidirlər. Baş nazir ölkədə qeyri-leqal fəaliyyət göstərən miqrantlarlarla onlara yardım edənlərin cərimə olunmasındansa, cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. Bununla yanaşı, Putin vurğulayıb ki, miqrantlar Rusiya cəmiyyətinə inteqrasiya olunmalı və onların qapalı etnik icmalar yaratmalarına imkan verilməməlidir. Onun sözlərinə görə, bu, həm miqrantlar, həm də cəmiyyət üçün əlavə risklər ortaya çıxarır.
RF baş nazirinin sözlərinə görə, miqrasiya sahəsində cəmiyyəti narahat edən çoxlu problemlər var və onlar bəzən açıq şəkildə adamı qıcıqlandırır. Dediyinə görə, dostları və tanışları baş nazirə deyiblərmiş ki, iri şəhərlərdə yaşasalarda: miqrantlara görə "bayram günlərində evdən bayıra çıxmamağa çalışırlar".
Postsovet məkanı ölkələrindən, xüsusilə də Cənubi Qafqaz və Orta Asiyadan milyonlarla miqrant Rusiyada leqal və qeyri-leqal şəkildə çalışır. Baş nazir FMX-yə istinadən bildirib ki, hazırda Rusiyada 9,2 milyon əcnəbi var. Onlardan 4 milyon nəfərə yaxını miqrasiya uçotunda olsa da, qeyri-leqal işləyir.
Hazırda qanunsuz miqrantları iş və yaşayış yeri ilə təmin edən fiziki və hüquqi şəxslər simvolik cərimə ilə canlarını qurtarırlar. Putin hesab edir ki, RF Cinayət Məcəlləsinin 322-ci maddəsinə (Rusiya dövlət sərhədlərinin qanunsuz keçilməsi) cinayət məsuliyyətini nəzərdə tutan dəyişiklik edilməlidir.
Romodanovski təklif edib ki, qanunsuz miqrasiyanın təşkilatçılarının 2 ildən 5 ilədək azadlıqdan məhrum edilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilsin.
Putin, eyni zamanda, MDB ölkələri ilə vizasız gediş-gəlişin davam etdirilməsi tərəfdarı olduğunu, Rusiyanın özünü dünyadan təcrid etmək niyyətində olmadığını bildirib: "Biz yalnız miqrasiya siyasətinə dair tələbləri sərtləşdirmək niyyətindəyik".
Putin Rusiyada artan millətçilik və gəlmələrə mənfi münasibət fonunda miqrant məsələsini martın 4-də keçiriləcək prezident seçkisi ərəfəsində seçki təbliğatının elementinə çevirməklə xal qazanmağa çalışır. Artıq neçənci dəfədir ki, o, bu mövzunu qabardır və "Nezavisimaya qazeta"da məsələ ilə bağlı hətta məqalə də yazıb. "Rusiya: milli məsələ" adlı məqaləsində Putin həmçinin vurğulayıb ki, gəlmələr rus dilindən imtahan verməlidirlər.
Digər tərəfdənsə, Rusiyanın postsovet məkanındakı maraqları, özünün "İzvestiya" qəzetindəki ilk məqaləsində Avrasiya Birliyi ideyasını ortaya atması Putinə Rusiyanın "qapı"larını miqrantların üzünə bağlamağa, vizasız gediş-gəlişi ləğv etməyə imkan vermir.