
İsveçrənin Davos şəhərində keçirilən 42-ci Dünya İqtisadi Forumunun (World Economic Forum/WEF) ikinci günündə avrozonadakı borc böhranı və onun qlobal iqtisadiyyata təsiri əsas müzakirə mövzusu olub.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkel Forumun ilk günündəki çıxışında borc böhranı ilə bağlı növbəti addımlar atmazdan öncə ciddi düşünməyin vaxtının çatdığını deyib.
Onun sözlərinə görə, Almaniya problemli ölkələrə arxasında dura bilməyəcəyi işlər barədə vəd verə, problemli ölkələrə verə biləcəyindən artıq nəsə verə biləcəyi barədə söz verə bilməz: "Çünki Almaniya, bütün Avropa ölkələri tuta bilməyəcəyi sözlər versə, bazarlarda vəziyyət pisləşən kimi bu, bütün Avropa üçün faciəvi olar".
Merkel çıxış yolu kimi yenə sərt qənaət tədbirlərindən və Avropada struktur islahatlarından danışıb. Onun sözlərinə görə, maliyyə sabitliyi fondunun artırılması söhbətlərini kəsmək, diqqəti büdcə kəsirinin azaldılmasına yönəltmək lazımdır.
Amma bir çox tanınmış iqtisadçıya görə, qənaət iqtisadiyyatların artmasının qarşısını alır ki, bu da sonda onların çökməsi deməkdir. Məşhur investor və milyarder Corc Soros kanslerin sərt qənaət tədbirlərinin Avropanı uçuruma sürüklədiyini bildirib: "Almaniyanın istədiyi sərt qənaət tədbirləri Avropanı ölümcül borc spiralına sürükləyəcək. Büdcə kəsirinin azaldılması maaşların və gəlirlərin sürətlə azalmasına gətirəcək, iqtisadiyyat kiçiləcək və vergi gəlirləri də azalacaq".
Soros həmçinin bildirib ki, bu, Avropanın daha çox borclanmasına və yekunda hətta Avropa Birliyinin dağılmasına səbəb olacaq. Sorosa görə, AB ölkələri maliyyə böhranına reaksiya verən gündən hər şeyi səhv ediblər.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Jozef Stiglitz də Merkelə qarşıdır: "Mən ümid edirdim ki, Merkel deyəcək ki, bəli, biz indi ehtiyacı olan dövlətlərə kömək edəcəyik, ortaq xəzinəmiz olacaq. Sərt qənaət tədbirlərindən daha vacib olan ortaq fiskal - maliyyə qaydalarımız olacaq. Amma bunun yerinə o yenə əvvəlki "qənaət, qənaət, qənaət" fikrinə qayıtdı ki, bu da iqtisadi inkişafa gətirə bilməz".
Məşhur iqtisadçı, Nyu-York Universitetinin professoru Nuriel Rubini də Davosdakı çıxışında bildirib ki, Avropanı büdcə xərclərini azaltmaq yox, iqtisadi artımı stimullaşdırmaq xilas edə bilər və bunun üçün avronu 20-30% ucuzlaşdırmaq lazımdır.
Yeri gəlmişkən, Rubini və "Eurasia Group"un prezidenti Yan Bremmer Davos Forumu üçün "Foreign Policy" jurnalına verdikləri müsahibədə qeyri-şəffaf və korrupsiyalaşmış Rusiyanın BRICS "beşliyi"nə layiq olmadığını bildiriblər.
Böyük Britaniyanın baş naziri Devid Kemeron isə böhrandan çıxmaq üçün Avropa liderlərini daha sərt olmağa və əsl liderlik nümayiş etdirməyə çağırıb. Onun sözlərinə görə, avrozonanın borc böhranı və rəqabət qabiliyyətini itirməsi ümumilikdə bütün Avropanın biznes etibarına zərbə vurur və investisiyaları itirməsinə səbəb olur: "Avropanın Axilles dabanı (zəif yeri) rəqabət qabiliyyətinin olmamasıdır. Lissabon sazişi bizim ehtiyacımız olan struktur islahatlarını həyata keçirə bilmədi. Statistika isə yetərincə hürküdücüdür. WEF-in hesablamalarına görə, AB üzvlərinin yarıdan çoxunun rəqabət qabiliyyəti 1 il əvvəlkindən daha azdır. Birliyin 5 üzvünün rəqabətə davamlılığı isə İrandan da aşağıdır".
Kemeron Avropa bürokratiyasını biznes mühitinə zərbə vurmaqda və iş yerlərini bağlamaqda ittiham edib və Fransanın təklif elədiyi maliyyə əməliyyatlarına görə ümumavropa vergisini isə "dəlilik" adlandırıb.
Davos forumunda müzakirənin davam etdiyi bir vaxtda borc böhranıyla üzləşən ölkələrdən olan İtaliya ən aşağı faizlərlə 5 milyard avro dəyəri olan orta-müddətli istiqrazlar buraxıb. Və bununla büdcəyə təzyiqi azaltmağa ümid edir.
Böhranın müflislik həddinə gətirdiyi Yunanıstanda isə dövlətin öhdəliklərini vaxtilə satın alan banklar və sığorta şirkətləri Afina hökumətiylə qeyri-rəsmi danışıqlara başlayıblar. Ancaq bu danışıqların nə iləsə bitəcəyinə və bankların nə isə əldə edəcəyinə heç vasitəçilər də ümid bağlamırlar.
Davos forumunda dünən Avropa liderləri bir məsələyə də aydınlıq gətiriblər ki, böhrandan qurtulmaq üçün 4 trilyon dollar valyuta ehtiyatı olan Çinin əlinə göz dikməyəcəklər.
İndiki Forumun bir maraqlı məqamı da ondan ibarətdir ki, Davosun iştirakçısı olan milyarderlər müasir dünyanın əsas probleminin sosial ədalətsizlik, sərvətlərin qeyri-bərabər bölüşdürülməsi olduğunu bildirirlər. Bu sözlərin superzənginlər dilindən çıxması təbii ki, çox əcaib səslənir...