
Xəbər verildiyi kimi, Azərbaycan Demokrat və Ümid partiyalarının üzv olduğu "Qarabağ" bloku qarşıdan gələn prezident seçkisində vahid namizəd və vahid komandayla iştirakını şərtləndirən birlik yaradılması təklifi ilə çıxış edib. Blokun təklifinə əsasən ölkə müxalifəti bu ilin martından gec olmayaraq, vahid cəbhə formalaşdırmalıdır. Blok hər kəsin birləşdiyi qurumlara toxunmadan 2013-cü ilin prezident seçkisində vahid namizəd və vahid komanda ilə iştirakı şərtləndirən birlik yaradılmasını elan etməyi təklif edir. Amma bu təklif digər partiyalar tərəfindən birmənalı qarşılanmır.
Əhməd Oruc:
"Qapı-qapı düşüb
hamını çağırırlar, ələm gəzdirənlərə oxşayırlar"
Azadlıq Partiyasının sədri Əhməd Oruc hesab edir ki, müxalifətin birləşməsi ilə bağlı səslənən fikirlər dəb halını alıb: "Hamı növbə ilə birləşmədən danışır, ancaq hamı da birləşməyə mane olan mövqedən çıxış edir. Mən bu cür təşəbbüsləri ciddi hesab etmirəm", - deyə "Azadlıq" sədri "Trend"ə bildirib. Onun fikrincə, kimsə nəsə iş görmək istəyirsə, fəaliyyətini ortaya qoymalıdır. "Heç bir iş görməyən, bacarığı olmayanlar, ictimai rəydə, gündəmdə qalmaq üçün hamı birləşməlidir" demək artıq xəstə bir hal alıb. Kim kimlə birləşmək istəyir, getsin birləşsin. Düşüb qapı-qapı hamını çağırırlar, ələm gəzdirənlərə oxşayırlar. Nə qədər belə yersiz təşəbbüslər olar?"
Əli Əliyev:
"Biz də müxalifətin
bir mərkəzdə
toparlanmasını istəyirik, amma..."
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə "Ekspress"ə sözügedən təklifi "cəlbedici" adlandırsa da, bildirib ki, ölkədə demokratik seçki keçirilməsi üçün şərait yoxdur. Onun fikrincə, belə bir şəraitin olmadığı səbəbindən hansısa komandanın formalaşmasından, komandada səlahiyyətlər bölgüsündən danışmaq da inandırıcı görünmür. Ə.Əliyevin dediyinə görə, rəhbərlik etdiyi partiya və müttəfiqləri də hesab edir ki, Azərbaycanda müxalifət bir mərkəzdə toparlanmalıdır: "Birinci növbədə azadlıqlar, demokratiya, seçki şəraitinin yaradılması uğrunda mübarizə aparılmalıdır. O mübarizə nəyə gətirib çıxaracaq, bunu dəyərləndirdikdən, azad seçki mühitinin formalaşmasından sonra isə vahid namizəd məsələsində də razılığa gəlmək olar. Ancaq bugünkü şəraitlər daxilində biz nə ediriksə edək, hansısa şərtlərdə nəticə əldə olunması inandırıcı görünmür".
Gülağa Aslanlı:
"Detalları öyrənəndən sonra münasibət
bildirəcəyik"
Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlının sözlərinə görə isə "Qarabağ" bloku bu təklifi verəndən sonra Ümid Partiyasının sədri İqbal Ağazadə partiyalara məktub göndərəcəyini və birliyin detallarının açıqlanacağını bildirsə də, hələlik məktub Müsavata yetişməyib: "Ona görə də biz onun detallarını bilmirik. Məktubu alıb detallarını öyrənəndən sonra müzakirə edib fikrimizi bildirəcəyik".
Fuad Qəhrəmanlı:
"Birlik istəyənlər
bunu İP çərçivəsində
qursalar, yaxşı olar"
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə müxalifətin birlik modeli kimi İctimai Palatanı gördüklərini deyir. İP-in özünü sınaqdan çıxardığını deyən F.Qəhrəmanlının fikrincə, birlik təşəbbüsü ilə çıxış edənlər çox yaxşı olardı ki, birliyi İP çərçivəsində qurmağa çalışsınlar.
Pənah Hüseyn:
"Müxalifətin vahid
ünvanı İP olmalıdır"
Keçmiş deputat Pənah Hüseyn isə "modern.az"a bildirib ki, müxalifətin birliyi nə qədər tez yaranarsa, o qədər yaxşı olar. Lakin P.Hüseyn hesab edir ki, prezidentliyə namizədlərin mart ayında, yaxud mayda müəyyənləşdirilməsi kimi məsələlərin müzakirəsi qeyri-realdır: "Sözün doğrusu, məsələnin bu şəkildə qoyuluşunun da birliyə xidmət edəcəyi qənaətində də deyiləm. Müxalifətin vahid ünvanı İctimai Palata olaraq qalmalıdır və buradan kənar yeni qurum və strukturlar şəklində birlik məsələsinin gündəmə gəlməsini yanlış hesab edirəm".
Sərdar Cəlaloğlu:
"İstəməsələr, danışıqlar keçirilməyəcək"
ADP sədri Sərdar Cəlaloğlu isə deyib ki, əgər müxalifət partiyaları tərəfindən müsbət cavab gəlsə, danışıqlara başlayacaqlar. "Əgər birmənalı şəkildə desələr ki, biz bu ideyanı kökündən qəbul etmirik, o zaman heç bir danışıq keçirilməyəcək", - deyə S.Cəlaloğlu bildirib.