
"Turan"ın prezidenti Musa Süleymanov artıq xeyli vaxtdı ki, iki yerdən pul gözləyirdi: AFFA və ortaya çıxacaq imkanlı şəxsdən. İkinci variant ağılabatan olmadığından başqan bütün ümidini federasiyaya bağlamışdı. Təsadüf deyil ki, Süleymanov ondan maaş tələb edən futbolçulara "AFFA mənə pul versin ki, mən də sizə verim" deməklə yaxasını qırağa çəkirdi. Amma Süleymanov gec də olsa, anladı ki, Rövnəq Abdullayevin rəhbərlik etdiyi qurum ona qara qəpik də verməyəcək. Elə ona görə də bir neçə gün öncə Tovuz klubunu saxlamaqdan imtina etdiyini açıqladı.
Musa Süleymanovun "Turan"dan imtina etmək istəyi çoxdan var. O, dəfələrlə açıqlamalarında bildirib ki, kim istəyirsə, gəlib klubu götürsün, qurbandı. Amma Musa bəyin "qurbandı" sözünün arxasında başqa "əmmalar" var. İş ondadı ki, Süleymanov heç kimə havayı klub təhvil verən deyil. Əgər belə olmasaydı, çoxdan "Turan"ın başını buraxardı. Amma necə deyərlər, ümid sonda ölür.
Vəziyyəti aydınlaşdırmaq üçün gəlin Süleymanovun təşkil etdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə diqqət yetirək. Başqan komandanı saxlamaq üçün pulunun olmadığını bəyan edib: "Məşqlər keçirilmir. Mən futbolçuları da başa düşə bilmirəm. Onlar gedib özlərinə yeni klub axtarırlar. Oyunçularımız kluba dəstək vermək əvəzinə, fərqli işlə məşğuldular. Ümid edirəm ki, hər şeyə rəğmən, Tovuz klubuna kömək əlini uzadan tapılacaq. Bu şəhərdə futbolun yaşamasını çox istəyirəm. Amma hazırda klubu saxlaya bilmirəm. Söhbət təkcə futbolçulara ödənəcək pullardan yox, həm də kommunal xərclərdən gedir. Axı, yaşayış, səfərlər və sair üçün də xərclər lazımdı. Komandanı mövsümün sonuna kimi premyer-liqada saxlamaq üçün 800 min dollar lazımdı".
İnandırıcı olmasa da, Süleymanov zamanında "Turan"ı öhdəsinə götürdüyünə görə təəssüflənmədiyini bildirib: "Buna görə təəssüflənmirəm, komandanın yaşamasını istəyirəm. Kimsə mənim Tovuzdakı işimi davam etdirmək istəsə, klubu ona verərəm. Amma istefa verməmişəm. Komanda yenə də mənimdi. Yaxın zamanlarda "Turan"a yeni avtobus gətiriləcək. Hansı ki, bu, İspaniyanın "Barselona" klubunun avtobusunun oxşarıdı. Hər bir şeylə təmin olunmuş olan avtobus 400 min dollar dəyərindədi. Onu bizə bir kompaniya hədiyyə edib. Mən görmüşəm ki, dünyada futbol bir biznesdi. Amma Azərbaycan futbolunda ancaq pul xərcləmək var, gəlir yoxdu".
Bəli, futbol bir biznesdi. Amma bizdə şərtlər tam başqa cürdü. Premyer-liqada çıxış edən klubların heç biri gəlirin nə olduğunu bilmir və Musa bəy klubu öhdəsinə götürən zaman bunu bilməli idi.
Əslində, Süleymanov "komandanı mövsümün sonuna kimi premyer-liqada saxlamaq üçün 800 min dollar lazımdı" deməklə AFFA-da oturanlara və ya başqa kimlərəsə mesaj göndərir ki, birisi ortaya çıxıb, ona bu məbləği versin. Musa bəy 400 min dollar dəyərində avtobusun gətirilməsi məsələsini də boş yerə qabartmayıb. Klubun sahibi olduğunu və istefa vermədiyini vurğulayan Süleymanov əslində, bununla demək istəyir ki, kimsə "Turan"ı ondan almaq istəyirsə, əlini cibinə atsın. Yəni, başqanın klubu pulsuz-parasız kiməsə təhvil vermək fikri yoxdu. Adam klub üçün xərclədiyi vəsaiti geri istəyir.
İndi "Turan"ın yaşaması üçün iki variant var: ya Musa Süleymanova klubu ən azı mövsümün sonunadək saxlaması üçün 800 min dollar veriləcək, ya da "Turan" hansısa yolla Süleymanovun əlindən birdəfəlik alınacaq.
Açığı, kiminsə "Turan"ı Musa bəydən satın alacağı inandırıcı görünmür. Ən yaxşı halda, ona futboldan kənar şəxsi biznesində hansısa güzəştlər oluna bilər.
Yeri gəlmişkən, ölkə mətbuatında yer alan xəbərlərə görə, "Turan"a bundan sonra Tovuz rayon İcra Hakimiyyəti sponsorluq edəcək. Artıq rayonun icra başçısı Tofiq Zeynalovun komandanı qəbul etdiyini iddia edənlər var. Lakin bu məsələ hələ təsdiqini tapmayıb. "Turan"ın gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik davam etməkdədi.