
Dünən Bakı Biznes Mərkəzində Avropa Yayım Birliyi rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda "Eurovision" Mahnı Müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand, "Eurovision" müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker, "eurovision.tv"nin rəhbəri Yorqan Frank, "Eurovision -2012" Mahnı Müsabiqəsinin işçi qrupunun rəhbəri Adil Kərimli, müsabiqənin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir Məmmədov iştirak ediblər.
Tədbirdə mətbuat nümayəndələrinə Azərbaycan və "Eurovision- 2012" ilə bağlı videorolik nümayiş etdirilib və "eurovision.az" saytının təqdimatı keçirilib.
Yan Ola Sand tədbiri işıqlandıran jurnalistlərin sayının çox olmasından məmnunluğunu ifadə edib: "Bu bizim ev sahibi olan Azərbaycanda keçirdiyimiz ilk mətbuat konfransıdır. Azərbaycan bu müsabiqədə qalib gəldikdən dərhal sonra hazırlıqlara başladıq. Bu cur müsabiqənin bir il müddətində həyata keçirilməsi çox çətindir. Amma bizim bu işə çox vurğun olan komandamız var və çox hallarda bu müsabiqənin hazırlığını daha qısa müddətdə həyata keçirmişik. Bu müsabiqə ilə bağlı görüləcək işlər də çoxdur".
"Eurovision -2012"-nin işçi qrupunun rəhbəri Adil Kərimli bildirib ki, bu gündən sonra bu təmaslar daha intensiv olacaq: "Bu müddət ərzində Təşkilat Komitəsi və İşçi Qrupu intensiv olaraq hazırlıqlar həyata keçirib. Avropa Yayım Birliyi bu günə qədər olan hazırlıq mərhələsini yüksək dəyərləndirir və çox sevindirici haldır ki, bir çox işləri çox tez həyata keçirmişik. Hamının gözlədiyi təntənəli şounu sizə təqdim edəcəyik. Bu, bir qədər fərqli üslubda, "Eurovision" müsabiqəsini daha yaxşı tərəfə çəkəcək, kifayət qədər fərqli və möhtəşəm şou olacaq. Bu şou ilə bağlı artıq tərəfdaşlar seçilib. Əminəm ki, təqdim edəcəyimiz şou 150 milyon izləyicinin xoşuna gələcək".
Yan Ola Sand Azərbaycanda siyasi məhbusların olması iddiası ilə bağlı suala cavabında bu məsələnin "Eurovision" yarışmasına heç bir aidiyyəti olmadığını deyib: "Bu məsələnin "Eurovision" müsabiqəsinə aidiyyəti yoxdur. Avropa Yayım Birliyi Azərbaycandakı məsələlərlə maraqlanır və kifayət qədər məlumatlandırılıb. Amma Azərbaycan hökumətinə heç bir göstəriş verə və ya nəyi isə diktə edə bilməz".