Köçkünlər işıq spirallarından istifadə edirdilər
Hadı Rəcəbli: Sərəncam qismən də olsa, israfçılığın qarşısını ala bilər
Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisin (MM) yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Bu barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin cümə axşamı keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, layihə yanvarın 31-də bununla bağlı yaradılan İşçi qrupunun genişləndirilmiş tərkibdə iclasında, fevralın 3-də isə Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq. H.Rəcəbli qanun layihəsinin prezidentin imzası ilə MM-ə daxil olduğunu, bununla yanaşı, müzakirələr zamanı deputatların da təkliflərinin nəzərə alınacağını qeyd edib.
İclasda “Pensiya islahatları haqqında” yeni qanun layihəsi ətrafında da müzakirə aparılıb. H.Rəcəbli əmək haqlarının, pensiyaların qaldırılmasının vacibliyi barədə səsləndirilən təkliflərə belə münasibət bildirib: “Deyirlər ki, “əmək haqlarını 32 faiz qaldırmaq lazımdır”, “pensiyaları 60 faiz qaldırmaq lazımdır” və s. Bəs necə olsun, nəylə qaldıraq? Bu, bir tərəfin mövqeyidir. Ancaq burada dövlət, büdcə mövqeyi var. Bu məsələdə o qədər həssas və diqqətli olmaq lazımdır ki, popilist çıxışlara yol verilməsin. Mən düşünürəm ki, bu yaşda bizlərə belə populist çıxışlar yaraşmaz”.
Rəcəbli deyib ki, yanvarın 31-də qanun layihəsinin İşçi Qrupla müzakirəsi aparılacaq: “Fevralın 3-də isə komitə iclasında müzakirəyə çıxarılacaq. Həmin iclasda nazir Səlim Müslümov da iştirak edəcək. Hələlik qanunun mahiyyəti haqqında danışmaq istəmirəm. Deputatlar da layihə ilə yaxından tanış olsunlar. Hələ ki, mətbuata mahiyyət barədə danışmayın. Ayın 3-də komitə iclasında geniş müzakirəyə çıxarılacaq”.
Komitə sədri ölkə başçısının məcburi köçkünlərlə bağlı verdiyi sərəncama da münasibət bildirib. “Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq spirallarından istifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular. Bu sərəncam qismən də olsa, israfçılığın qarşısını ala bilər. Bu günlərdə vəzifə tutan adamlardan biri ilə söhbət etmişəm. Dedi ki, vəzifəyə əmri alan gün ərizə yazaraq, ona verilən yardımdan imtina edib. Düşünüb ki, işdə yüksək maaş alacaq. Onun buna mənəvi cəhətdən haqqı yoxdur. Belə adamlar bu gün çoxdur” deyən Rəcəbli deyib ki, bu sənəd bəzi neqativ halların qarşısını almağa xidmət edəcək, həm də ünvanlılığı təmin edəcək: “Bundan əvvəl vəsait ümumilikdə işıq, qaz idarələrinə ayrılırdı. Bu məsələyə diqqət yetirmək çətin olurdu. Orada da problemlər olurdu. 20 manat yeməkpulu, 15 manat isə enerji resursları ilə bağlı vəsait idi. İndi 36 manat adambaşına nəzərdə tutulub. Bu rəqəmin özü də məqbuldur. Bu, eyni zamanda qənaətcilliyə həvəsləndirəcək”.
Rəcəbli bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına qayıtması ilə bağlı “Repatriasiya haqqında” qanun layihəsi üzərində bir daha işləmək lazımdır. “Layihənin hazırlanması üçün komitədə çoxlu materiallar var. Dünyanın bir çox ölkələrinin sənədlərini toplamışıq. Cocuq Mərcanlı ilə bağlı prezidentin sərəncamı həmin layihənin ilkin sorağıdır. Yəni, artıq həmin qanun layihəsini hazırlaya bilərik. Ölkə başçımız hər zaman məcburi köçkünlərə və qaçqınlara diqqət göstərir”, - deyə Hadı Rəcəbli bildirib.
A.ASLAN