Xəzərin statusu həllini tapdı?!.
Lavrov: “20 illik işi tamamladıq”
“Xəzərin statusu haqqında Konvensiya üzrə 20 illik işi tamamladıq”. Bu barədə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilən 7-ci müşavirəsinin yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
Qeyd edək ki, dekabrın 4-5-də Moskvada keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici siyasət idarələrinin başçıları əsas diqqəti Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya, habelə Xəzərdə iqtisadiyyat, nəqliyyat, hərbi dənizçilik, brakonyerliyə qarşı mübarizə, gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi sahələrində əməkdaşlığı və bəzi başqa məsələləri tənzimləyən sənədlər üzərində cəmləşdiriblər.
Azərbaycan XİN-in mətbuat xidmətinin yaydığı məlumata əsasən, tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən dövr ərzində danışıqlar prosesinin iştirakçıları tərəfindən konvensiya layihəsi üzrə mühüm işlər görüldüyünü, yüksək səviyyəli beştərəfli görüşlər zamanı qəbul edilmiş qərarların və əldə edilmiş razılaşmaların bütün xəzəryanı dövlətlərin mövqelərinin mühüm dərəcədə yaxınlaşdırılmasına, ümumilikdə danışıqlar prosesinə güclü təkan verdiyini və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi, məhsuldar əməkdaşlıq və Xəzər regionunda sabitliyin qorunub saxlanması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Azərbaycanın xarici siyasət idarəsinin başçısı bildirib ki, Qazaxıstanda keçirilməsi planlaşdırılan xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci zirvə toplantısına qədər bütün açıq qalan məsələlər üzrə konsensusun əldə edilməsi üçün maksimum səylərin göstərilməsi zəruridir və konsensus hamılıqla tanınmış dünya təcrübəsi və beynəlxalq dəniz hüququnun normalarının nəzərə alınması ilə əldə edilə bilər.
Nazir qeyd edib ki, göstərilən səylər Konvensiya layihəsi üzrə uzun illər aparılan işlərin nəticəsinin möhkəmləndirilməsinə xidmət etməli və Xəzər dənizində dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsas yaratmalıdır.
Bu əsas hüquqi sənəd Xəzər dənizində qarşılıqlı münasibətlərin gələcək arxitekturasına möhkəm təməlini təşkil edərək Xəzər regionunda sabitlik və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə şərait yaradacaq.
Məmmədyarov terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik maddələrin qanunsuz dövriyyəsi və insan alveri, həmçinin beynəlxalq və regional stabillik və təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizənin bütün xəzəryanı dövlətlərin səylərinin birləşdirilməsini tələb etdiyini diqqətə çatdırıb.
O, ticari-iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi, habelə biznes və turizminin inkişafına zəruri şəraitin yaradılması üçün sülh, rifah, sabitlik və təhlükəsizlik məkanı kimi Xəzər dənizinin qorunması üzrə birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib. Xəzər dənizinin Xəzər regionu ölkələrinin xalqlarının rifahına və dünya enerci təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi olduğunu bildirib.
Nazir qeyd edib ki, Azərbaycan tərəfi Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlərin, xüsusilə də Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərin xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi və qarşılıqlı-faydalı tərəfdaşlıq ruhunda, eləcə də tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll edilməli olduğuna əmindir.
Vurğulanıb ki, etimad tədbirləri bütün xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsindən ibarət olmalıdır. Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün Tərəflərin maraqlarının nəzərə alınması ilə və bir-birinin təhlükəsizliyinə xələl yetirmədən, xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət edilməsinə əsaslanmalıdır.
***
Müşavirədən sonra keçirilən mətbuat konfransında Sergey Lavrov vurğulayıb ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın bütün məsələləri ilə bağlı razılıq əldə edilib:
“Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü müsbət ab-havada keçdi. Ümumilikdə görüşün nəticələrini müsbət qiymətləndirirəm. Xəzərin statusu haqqında Konvensiya üzrə 20 illik işi tamamladıq.
Xəzər üzrə hazırda gündəmdə olan bütün məsələləri hərtərəfli müzakirə etdik. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzərində işə xüsusi diqqət ayırdıq. Böyük məmnuniyyətlə elan edirəm ki, bu sənədin hazırlanması ilə bağlı açıq qalan bütün əsas məsələlər üzrə məqbul həll yolları tapdıq. Faktiki olaraq sənədin mətni hazırdır. Konvensiya Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanda keçiriləcək Sammitinə təqdim olunacaq. Ümid edirik ki, sənəd onlar tərəfindən dəstəklənəcək”.
Rusiyanın XİN başçısı qeyd edib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının V sammiti gələn il Qazaxıstanda keçiriləcək: “Sammitin gələn ilin birinci yarısında baş tutacağına və orada sənədin imzalanacağına ümidvarıq. Amma sammitin keçirilmə tarixi ilə bağlı son qərarı Qazaxıstan rəhbərliyi verəcək”.
Beləliklə də, rəsmi açıqlamalara əsasən, SSRİ dağıldıqdan sonra statussuz qalan Xəzər ətrafındakı intriqa və çəkişmələr artıq başa çatmaq, dəniz hüquqi statusuna qovuşmaq üzrədir. Xəzərdə əsas fikir ayrılıqları dənizin təki və səthinin bölünməsi ətrafında idi və əsasən Azərbaycan İran və Türkmənistanla ortaq məxrəcə gələ bilmirdi. İran dənizdə pay məsələsində cığallıq edirdi. Lavrovun açıqlamasından belə çıxır ki, artıq bu problem ortadan qalxıb. Amma hələlik detallar açıqlanmadığı üçün Xəzərin milli sektorlara bölünməsində hansı tərəfin güzəştə getdiyi məlum deyil.
A.Xəlil