Banklar
investisiya xidməti göstərəcək
Yaxın vaxtlarda Azərbaycan bankları investisiya xidməti göstərəcək. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Bazarlarına İnfrastruktur Nəzarət İdarəsinin rəhbəri Ruslan Babayev “Azərbaycan kapital bazarları: Gələcəyə baxış” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı müəyyən təkliflər paketi hazırlanıb. Babayev qeyd edib ki, gələcəkdə bankların investisiya xidməti göstərməsi ilə əlaqədar qanunvericiliyə müəyyən düzəlişlərin edilməsi nəzərdə tutulur: “Qanunvericilikdə əsasən bankların investisiya xidməti göstərməsi üçün lisenziyalaşdırma məsələsi, hansı xidmətlərin göstərilməsinə razılıq verilməsi məsələsi öz əksini tapacaq. Çünki dünya təcrübəsində bütün investisiya xidmətlərinin banklar tərəfindən həyata keçirilməsinə icazə verilmir” (APA).
Onun sözlərinə görə, məsələ ilə bağlı 2018-ci ilin I və II rübündə qərar verilməsi gözlənilir.
Azərbaycanda 31 bank fəaliyyət göstərir və onlardan bəziləri özünü investisiya bankı adlandırır. Əslində bütün banklar investisiya fəaliyyəti göstərir. Çünki banklar cəlb etdiyi vəsaitin bir hissəsini biznes sektoruna yönəldir və bu kreditlər investisiya vəsaiti kimi qeydiyyata alınır.
Amma MBNP rəsmisinin barəsində danışdığı investisiya xidməti, investisiya bankçılığı kommersiya banklarının mövcud fəaliyyətindən fərqlənir.
Bankların mövcud investisiya fəaliyyəti kreditləşmədən uzağa getmir, onlar yalnız verdikləri borcun vaxtlı-vaxtında geri ödənilməsinə nəzarət edirlər.
İnvestiya bankçılığında isə banklarda bu xidməti göstərmək üçün ayrıca departament yaradılır. Bəzi ölkələrdə sırf investisiya layihələri həyata keçirən banklar da var.
İnvestisiya xidməti göstərən banklar şirkət, dövlət və ya başqa qurumlar üçün sərmayə cəlbinə köməklik edir. İnvestiya bankları müxtəlif növ şirkətlər üçün borc cəlb edilməsində və ya qiymətli kağızlar emissiyasında yardımçı olur, qiymətli kağızların alqı-satqısında köməlik edir, kompaniyaların birləşməsi, udulması və yenidən qurulması işlərini gerçəkləşdirməyə kömək edir, həm institutlar, həm də şəxsi investorlara broker xidmətləri təklif edir. İnvestisiya bankları həmçinin səhmlərin yerləşdirilməsi ilə bağlı konsaltinq və bələdçilik xidmətləri həyata keçirir.
İnvestisiya bankçlığı xidməti göstərən banklar həmçinin investisiya kreditini təmin edən və ya da özəl şirkətlərin çıxardıqları istiqrazların satışına qarantiya verən qurumlardır.
İnvestisiya bankları əsasən qiymətli kağızların yeni buraxılışlarının yerləşdirilməsi ilə məşğul olurlar. Bunu bir misaldan daha aydın başa düşmək olar. Məsələn, bir şirkət borc cəlb etmək üçün istiqraz buraxmaq istəyir. Həmin şirkətlə bank arasında istiqrazın satışının təmin edilməsi haqqında razılaşma imzalanır. Bu razılaşma müxtəlif formalarda ola bilər. Bir variantda investisiya xidməti göstərən bankı, istiqrazları topdan satın alır və bunların hamısını, yaxud bir hissəsini bazarda yenidən satır. Digər bir variantda istiqraz yerləşdirmək istəyən şirkət özü bazarda istiqrazların satışını həyata keçirir, yalnız satılmayan istiqrazları həmin bank alır.
Hər iki variantda istiqrazları satışa çıxaran şirkət onların satılacağının təminatını əldə edir. İnvestisiya xidməti göstərən banklar bu təminat sayəsində komisyon haqqı və ya yenidən satış hesabına gəlir qazanır.
Ümumiləşdirsək, investisiya bankları və ya bu xidməti göstərən banklar əhalidən, təşkilatlardan “istifadəsiz vəsaitləri” cəlb etməklə, şirkətlərin, yaxud dövlətin uzun müddətli kreditə olan ehtiyaclarının qarşılanmasında vasitəçi olurlar.
Qeyd edilənlərdən heç də elə başa düşülməməlidir bu xidməti göstərən banklar investordur. Həmin banklar da ənənəvi banklar kimi vasitəçiliklə iqtisadiyyatın sərbəst vəsaitə olan ehtiyacını ödəməyə kömək edir.
Çox vaxt investisiya bankını maliyyə layihələrinin həyata keçirilməsinin ilkin mərhələlərində cəlb edirlər. Investisiya bankının mütəxəssisləri şirkət rəhbərliyinə hansı növ və nə vaxt qiymətli kağızların buraxılması məsələlərində kömək edir.
Dünya praktikasında tez-tez investisiya banklarını iri yenidən qurma işlərini (bazasında yeni şirkəti təşkil etməklə, struktur bölmənin səhmləşdirilməsi, iki şirkətin birləşməsi və ya bir şirkətin digərini udması) aparılan zaman maliyyələşmənin alınması üçün cəlb edilməsi təcrübəsi də var.
Azərbaycan bankları və hökuməti xeyli müddətdir ki, xarici investisiya bankları ilə əməkdaşlıq edir, onlardan kredit cəlb edirlər. Avropa İnvestisiya Bankı buna misaldır. Bu bank “Cənub Qaz Dəhlizi” layihəsinə 2 milyard avro kredit ayırmaq haqqında düşünür. “Report”un məlumatına görə, hazırda bank bununla bağlı qərarı gözdən keçirir.
Azərbaycan Çin hökumətinin təşəbbüsü ilə 2014-cü ilin oktyabrında yaradılan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə də əməkdaşlıq edir. Ölkəmiz burada az da olsa paya malikdir. Asiyanın 21 ölkəsinin iştirakı ilə yaradılan bank ilk mərhələdə fəaliyyətini Avropaya yeni ticarət marşrutu olacaq Yeni İpək Yolunun yaradılmasına cəmləyəcək.
Vasif Cəfərov