Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə,  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş İbrahim Qurbanovun tanışı Biləsuvar rayon sakini Ülvi Vahabzadə ilə birlikdə saxta pul əskinaslarının satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən xüsusi əməliyyat nəticəsində hər iki şəxs 6500 saxta manatı 2000 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.

Saxlanılan şəxslərin qaldıqları mənzildən saxta pul əskinaslarını hazırlamaq üçün istifadə olunan xüsusi avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

İlkin ifadələri zamanı hər iki şəxs hazırladıqları saxta pulların həqiqi əskinaslardan seçilməməsi üçün lisenziyalaşdırılmamış xüsusi haker proqramlarından da istifadə etdiklərini bildiriblər. Həmin proqramlar vasitəsilə İ.Qurbanov və Ü.Vahabzadə saxta pulların üzərinə həqiqi manatlarda olan müdafiə nişanları və eskizlərini köçürüblər.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Ekspress.az